Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə sıx və səmərəli əməkdaşlıq edir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş bu görüşlərin daha da intensivləşəcəyinə anonsdur.
Ötən həftənin önəmli hadisələrindən biri də Bakıda Türk iş adamlarının da qatıldığı “İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi” mövzusunda konfrans və sərginin keçirilməsi oldu.
Konfrans-sərgidə dövlət və özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər iştirak edirdilər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirdi ki, hazırda dünyada qlobal iqlim dəyişikliyinin fəsadları getdikcə artır və bu təsirlər kənd təsərrüfatı sektorunda daha qabarıq şəkildə görünür. Belə ki, son illərdə kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayır.
Nazir əlavə etdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar çərçivəsində kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilir, bu mexanizmlər üzrə müvafiq dəstək tədbirlərinin həcmi mütəmadi olaraq artırılır.
Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirdi ki, qlobal iqlim dəyişikliyinin müşahidə edildiyi indiki dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və kənd təsərrüfatının dayanıqlı inkişafı qarşıda duran əsas vəzifələrdəndir.
Ərcan Koç sözügedən tədbirin iştirakçılarındandır. Söhbət əsnasında köməkçisi Cəmilə xanımdan öyrəndim ki, Ərcan bəyin xanımı Qarabağlıdır.
Atatrans Logistics-in qurucusu Ərcan Koç Qazaxıstan bölgəsindən, Rusiyadan və Azərbaycandan Türkiyəyə dəmiryolu və dəniz vasitəsilə Samsun və Ak Deniz bölgələrində müştərilərin yüklərinin daşınması və depolarında saxlanmasıyla məşğuldur.
Azərbaycanda logistik daşınmalar üçün əlverişli iş mühütünün yaradılmasını önə çəkən Ərcan bəy konfrans-sərgidə Türk iş adamlarına yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə saytımız vasitəsilə təşəkkür etdi. Söhbət zamanı Ərcan bəy ölkələr arasında logistik əlaqalərin qurulmasının maliyyə və ticarət əlaqələri baxımından bölgələr arasında ticarət əlaqələrinin daha da yüksəlməsinə səbəb olduğunu, Azərbaycanın İpək Yolu üzərində yerləşməsinin onu bir çox dövlətlər üçün işgüzar əlaqələr baxımından cəlbedici olmasından söz açaraq bildirdi ki, Qarabağdakı zəfərin ardından Zəngəzur dəhlizinin açılması yolunda görülən işlər, aparılan danışıqlar bizi son dərəcə məmnun etmişdir. Həyat yoldaşı Qarabağlı olduğu üçün Qarabağda aparılan abadlıq-quruculuq işlərini yaxından izləyən Ərcan Koç 3 övlad atasıdır. Ərcan bəy Zəngəzur dəhlizinin açılmasından sonra Qarabağda logistika mərkəzinin filialını yaratmaq istəyir.
Övladlarım ana torpaqlarında, ana vətənlərində gələcəkdə quracağım logistik mərkəzin filialı vasitəsilə Vətənə öz töfhələrini versin, bizim də aparılan quruculuq işlərinə bir qatqımız olsun, - deyən Ərcan bəy, bu addımla azərbaycanlılarla qohumluq əlaqələri olan digər ölkə vətəndaşlarına da örnək olacaqlarını düşünür.
Azərbaycana sonuncu dəfə 6 il öncə gəldiyini deyən iş adamı 6 il ərzində çox dəyişikliklər olduğunu, şəhərin daha da böyüyüb gözəlləşdiyini, bundan qürur duyduğunu bildirdi.
İnanıram ki, tezliklə Ərcan Koç bəyin Azərbaycanla bağlı işgüzar arzuları həyata keçəcək.
Sərmayədarlar üçün Azərbaycanın qapıları açıqdır.
Biz Ərcan bəylə söhbət edərkən Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı onların stendinə baxmaq üçün yaxınlaşdı. Sərgidə stendləri ziyarət edən nazir ölkəsinin iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırdı. O, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
Elnurə Abuşova