Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir
Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Hazırkı vaxtadək *Ağdaş, Kürdəmir, Astara, Ucar, Abşeron, Xaçmaz, Beyləqan, Xızı, Sabirabad, Goranboy, Ağstafa rayon və Mingəçevir şəhər prokurorluqları* tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin *41,3 milyon ABŞ dollarından artıq* (müvafiq dövrün məzənnəsi ilə *70,2 milyon manatdan artıq*) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına *qaytarılması* təmin edilib.
Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.