Azərbaycanın nəhəng dövlət qurumlarından biri olan “Bakı Metropoliteni” QSC daha bir bahalı müqaviləyə imza atıb. “AZCON Holding”in tərkibinə daxil olan qurum bu dəfə Türkiyənin beynəlxalq nüfuza malik “Yüksel Proje” şirkəti ilə 35,4 milyon manatlıq saziş bağlayıb.
Görünən odur ki, metro sərnişinlərini yaxın illərdə yeni stansiyalar və texniki imkanlar gözləyir. Amma sual doğuran əsas məqam müqavilənin detallarında və həyata keçirilmə üsulundadır.
Müqaviləyə əsasən:
Yaşıl xətt üzrə Y14–Y17,
Bənövşəyi xətt üzrə B5–B8 stansiyalarının və həmin stansiyalar arasında tunellərin layihələndirilməsi;
“28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının yenidən təşkili;
“İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi planlaşdırılır.
Ən maraqlısı odur ki, bu nəhəng müqavilə açıq tender yolu ilə deyil, birbaşa satınalma üsulu ilə - yəni yalnız bir şirkətə üstünlük verilməklə həyata keçirilib. Müvafiq qanunvericiliyə əsaslansa da, ictimai nəzarətin tamamilə kənarda qalması müəyyən suallar doğurur.
Rəsmi məlumata görə, vergi və digər hüquqi öhdəliklərin Azərbaycan qanunlarına uyğun icrasını təmin etmək üçün müqavilə məhz “Yüksel Proje” şirkətinin ölkədə təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.
Ekspertlər bu cür iri həcmli layihələrin şəffaflıqla həyata keçirilməsinin vacibliyini önə çəkirlər.
Hazırda metro sərnişinlərini maraqlandıran əsas sual budur:
Bu milyonlarla manatlıq müqavilə doğrudan da vəd olunan yenilikləri gətirəcəkmi, yoxsa yenə də dar vaqonlar və sıxlıqla baş-başa qalacağıq?
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.