AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulma ilə bağlı Tvinninq Layihəsinin açılış tədbiri keçirilib

  • + A
  • - A
  • 29-01-2021, 23:29


    Yanvarın 29-da “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” adlı Tvinninq Layihəsinin açılış tədbiri keçirilib.

    Videokonfrans formatında keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari, İtaliyanın Gömrük və İnhisar Agentliyinin baş direktoru Marcello Minenna, Dövlət Gömrük Komitəsinin sədr müavinləri, Komitənin aidiyyəti qurumlarının əməkdaşları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri və Avropa İttifaqının ekspertləri iştirak edib.
    Qonaqları salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmaya hazırlıq prosesində Dövlət Gömrük Komitəsinə dəstək üzrə Tvinninq layihəsi çərçivəsində təşkil olunan görüşün COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilməsinə baxmayaraq, səmərəli və məhsuldar olacağına əminliyini ifadə edib. Səfər Mehdiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsinə yönələn strateji kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu istiqamətdə atılan addımlar beynəlxalq ticarətin inkişafına mühüm töhfələr verir.
    Səfər Mehdiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə Ermənistan tərəfindən işğal olunan torpaqlarımızı azad etdiyini vurğulayıb, haqlı mübarizəmizdə İtaliya Respublikası tərəfindən verilən siyasi dəstəyi yüksək qiymətləndirib və hər iki ölkə arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. DGK sədri qeyd edib ki, işğala son qoyulması təkcə ölkəmizin deyil, regional inkişafın və inteqrasiyanın gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
    O da vurğulanıb ki, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmizin tranzit potensialının artırılması iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Qeyri-neft sektorunun tərəqqisi və iqtisadiyyatın əsas sahələrinin diversifikasiyası kontekstində ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdam ölkəmizin tranzit potensialının artırılmasına töhfə vermək gömrük orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biridir.
    Komitə sədri vurğulayıb ki, tranzit daşımaların inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq, “Logistika və Ticarətin İnkişafı üzrə Yol Xəritəsi” də daxil olmaqla, müvafiq proqram və sənədlərdə tranzit daşınan malların sərhəd keçidinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması kimi mühüm hədəflər müəyyən olunub. Bu sahədə gömrük orqanlarının rolu nəzərə alınaraq, gömrük tranzitinin inkişafı məqsədilə vahid yanaşma əsasında icra mexanizmlərinin müəyyən edilməsi üçün ötən il Dövlət Gömrük Komitəsi Kollegiyasının qərarı ilə Tranzit Konsepsiyası təsdiq edilib. Konsepsiya çərçivəsində, tranzit sisteminin inkişaf etdirilməsi məqsədilə müasir beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə qabaqcıl texnologiyaların tətbiqi gömrük orqanları qarşısında qoyulan əsas tapşırıqlardandır.
    DGK sədri Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş dövlət proqramında Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının sürətləndirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması və tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsinin müəyyən olunduğunu da bildirib.
    DGK sədri qeyd edib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan və İtaliya gömrük xidmətlərinin iradəsi nəticəsində bu layihənin icrasının davam etdirilməsi barədə qərar qəbul edilib və bu qərar Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru olan İqtisadiyyat Nazirliyi tərəfindən dəstəklənib. Səfər Mehdiyev göstərilən dəstəyə görə, Azərbaycan gömrük xidməti adından təşəkkürünü ifadə edib.
    Layihənin əsasını qanunvericiliyin, informasiya texnologiyalarının və əməliyyat imkanlarının uyğunlaşdırılması kimi 3 əsas komponentin təşkil etdiyini deyən DGK sədri hər 3 komponentin icrası ilə bağlı əldə olunmuş irəliləyişdən məmnunluğunu bildirib.
    Səfər Mehdiyev Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən tvinninq layihəsinin uğurla icra ediləcəyinə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan İtaliyanın gömrük xidməti ilə bu sahədə səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
    Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təmsil etdiyi qurumla həyata keçirilən səmərəli və işgüzar əməkdaşlığa görə təşəkkürünü bildirib. Qeyd olunub ki, proseslərin sadələşdirilməsi, asanlaşdırılması, gömrük sahəsində yeniliklərin tətbiq edilməsi xüsusi əhəmiyyət daşıyır və ümumi tranzit prosedurları, sənədləşmə işinin sadələşdirilməsi Avropadan olan işgüzar dairələr üçün olduqca vacibdir.
    Sonra İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari çıxış edərək Azərbaycan və İtaliya arasında mövcud iqtisadi və siyasi əlaqələrdən söhbət açıb. Bildirilib ki, İtaliya gömrüyü Azərbaycanın tərəfdaşı kimi çıxış edir və hazırda Azərbaycanla İtaliya arasında iki tvininq layihəsi həyata keçirilir ki, bu layihələr gələcək əməkdaşlığa mühüm töhfə verəcək.
    İtaliyanın Gömrük və İnhisar Agentliyinin baş direktoru Marcello Minenna isə layihənin məqsədindən söhbət açaraq pandemiya dövründə həyata keçirilən bu konfransı yüksək qiymətləndirib və bildirib ki, bu layihə Azərbaycan iqtisadiyyatının Avropa ölkələrinin iqtisadiyyatına inteqrasiyası üçün yeni imkanlar yaradacaq və idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək.
    Daha sonra rezident tvinninq məsləhətçisi Antonio Lo Parco layihənin əhəmiyyəti və gələcək perspektivlərilə bağlı ətraflı məlumat verib.
    Tədbir çərçivəsində layihə ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
    Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İtaliya Gömrük və İnhisar Agentliyi tvinninq tərəfdaşlarıdır. Tvinninq layihəsinin məqsədi Azərbaycanın mövcud Avropa İttifaqı gömrük sistemləri ilə əlaqəsinin və tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin etməkdir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR