AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsi yenidən qurulur (FOTO)

  • + A
  • - A
  • 5-02-2021, 13:06


    Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Bunun üçün yol boyu genişləndirmə işləri aparılaraq yolun hərəkət hissəsinin eni 9 metrə çatdırılır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azadmedia.az-a verilən məlumata görə, yenidənqurma işlər zamanı yolun köhnə örtüyü sökülür, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri görülür, lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Sözügedən işlərin icrası ilə yol yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.

    Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılır, su keçidləri inşa edilir. Həmçinin Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni ötürücünün inşasına başlanılıb. Yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla uzunluğu 15 metr, eni isə 13 metr olacaq.

    Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görülən işlərdəndir.

    Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9.1 km uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri işləri aparılır. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.

    3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.

    Təbii ki, yenidənqurma işlərinin sonunda yol boyu zəruri olan yerlərdə yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

    Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

    Əsaslı şəkildə yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirir. Bu üzdən layihənin icrası ilk növbədə Oğuz və Şəki şəhərlərinin, həmçinin yol boyu yerləşən kəndlərdə yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, onların respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki, Muğanlı-İsmayıllı, Şəki-Qax, həmçinin Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına çıxışına imkan yaratmaqla sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir edəcək.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR