Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Novruz bayramının qeyd olunması və “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açaraq qarşıdan gələn Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib. O qeyd edib ki, Novruz bayramı ümumi mədəni dəyəri ilə dünyada mühüm yerə sahibdir və təsadüfi deyildir ki, artıq 10 ildən çoxdur ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT tərəfindən martın 21-i beynəlxalq bayram kimi bütün dünyada hər il böyük coşqu ilə qeyd olunmaqdadır. Bu, bütün dünya ölkələri tərəfindən Novruz bayramına verilən dəyərin göstəricisidir.
“Novruz yeni ilin başlanğıcıdır. Türkdilli xalqların mədəniyyətində Novruz yazı, yaşam sevincini, ruhun təmizlənməsini ifadə etməklə yanaşı, oyanan təbiət ilə birlikdə məhsuldarlığı ifadə edən məna və elementlərlə zəngindir. Türk dünyasında sülh bayramı kimi də xatırlanan Novruz bizim genetik yaddaşımızın göstəricisidir. Bu bayram günlərində unudulmuş adətlər xatırlanır, qədim ənənələr canlanır. Qürurverici haldır ki, Novruz 30 ildən sonra Azərbaycanın tarixi torpaqları olan, işğaldan azad olunan dogma Qarabağa qayıdır. Əcdadlarımızdan qalan bu ənənələr bizim üçün bir mirasdır. Bizim məqsədimiz bu ənənələri yaşatmaq və dünyada təbliğ etməkdir.
Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan olan uşaqların çəkdikləri şəkillərdən ibarət olan sərgi türk dünyasının qədim tarixini, mədəniyyətini və ən çox da ruhunu əks etdirir. Türk dünyasının qədim adət-ənənənləri bizi həmin o sehrli və sirli dünyaya aparır. Bizi Novruzun gətirdiyi saflığa, xeyirxahlığa və mərhəmətə səsləyir və mənəvi dəyərlərimizə sahib çıxmağa çağırır”, - deyə Günay Əfəndiyeva vurğulayıb.
Tədbirdə xarici işlər nazirinin müavini Ramiz Həsənov çıxışında müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirilib. Qeyd edib ki, Novruz bayramı yazı simvolizə edir. «Türkdilli xalqlar yaz fəslini təbiətin canlanması ilə bağlayıb, onu yeni ilin başlanğıcı kimi qeyd ediblər. Novruz bayramı tarixin sınaqlarından çıxaraq bu günə qədər gəlib çıxıb. Sovet dövründə bu bayramın qeyd edilməsinə icazə verilməməsinə baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq qalaraq ölkəmizdə bu bayram hər zaman qeyd edilib. 2021-ci ilin Novruzu Azərbaycan xalqı üçün xüsusi önəm kəsb edir. Belə ki, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlar azad edilmiş və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Bu bayramın işğaldan azad olunmuş torpaqlarda qeyd olunmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan ordusuna borcluyuq» - xarici işlər nazirinin müavini dedi.
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Muhammed Lou, Özbəkistanın Azərbaycandakı səfirliyinin mədəniyyət Attaşesi Oybek Akramov, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Macarıstanın Azərbaycandakı səfirliyinin katibi Mixay Qruber, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M. İsaqzai Fondda Novruz bayramına həsr olunmuş tədbiri və müsabiqəni yüksək qiymətləndirib, Novruz adət-ənənlərindən söz açıblar.
Mərasimdə Fondun təşkilatçılığı ilə elan edilən “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Daha sonra Fondun prezidenti müsabiqə iştirakçılarının sertifikatlarını təmsil etdikləri ölkələrin səfirlərinə təqdim edib.
Təşkilatın binasında türkdilli xalqların milli mətbəxinin nümunələrindən, onların tarixini və mədəniyyətini əks etdirən simvollardan ibarət stendlər qurulub.
Tədbirdə Fonda üzv və müşahidəçi ölkələrin milli musiqisinin müşayiəti ilə milli geyimlər nümayiş etdirilib.
Mərasimin sonunda Fondun prezidenti Günay Əfəndiyevanın, Azərbaycan Xarici işlər nazirinin müavini Ramiz Həsənovun və səfirlərin iştirakı ilə bayramın əsas adətlərindən biri sayılan yumurta döyüşü keçirilib və Novruz tonqalı yandırılıb.
Tədbir pandemiya şəraitinə uyğun olaraq təşkil olunub.