Bu gün dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru olan Lütfi Zadənin vəfatından 5 il keçir.
Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda Bakının Novxanı kəndində doğulub. O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb. Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlıdır və Ərdəbildə doğulub, anası Fanya Korenman etnik rus-yəhudidir, Odessada doğulub və İran vətəndaşı olub.
Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb. 1942-ci ildə Tehran Universitetindən məzun olub və bir il sonra ABŞ-a gedib. 1944-cü ildə MİT-ə daxil olub və adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə isə o, Kolumbia Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. Bu vaxt onun ailəsi artıq Nyu York şəhərinə yerləşmişdi. O, 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alır və bir il sonra professor yardımçısı kimi çalışır.
Zadə Kolumbia Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkeley Universitetində dərs deyib.
Lütfi Zadə “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi”, “Soft kompyutinq” kimi nəzəriyyələrin müəllifidir.
Onun məhşurlaşmasına səbəb olan qeyri-səlis məntiq nəzəriyyəsini 1973-cü ildə irəli sürüb. Qeyri-səlis məntiq nəzəriyyəsi - riyaziyyatın bir bölməsi olub klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir.
Alim 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə qazandığı uğurlarına görə Yaponiya tərəfindən elm adamlarına verilən ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.
Lütfi Zadənin Stella və Norman adlı iki övladı var.
Alim 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişmişdir.
Dünya şöhrətli alim I Fəxri Xiyabanda dəfn olunub.