AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib

  • + A
  • - A
  • 1-12-2022, 21:30

    Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib

    28 noyabr – 3 dekabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün xüsusilə əlamətdar qərarlar qəbul olunub.
    Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
    Qeyd edək ki, Hökumətlərarası Komitənin 17-ci sessiyasında reprezentativ siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, habelə ölkəmizin iştirakı ilə hazırlanan 3 çoxmillətli nominasiya vardı: “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı” (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə).
    Sessiyada bu nominasiyaların hər biri ilə bağlı müsbət qərar qəbul edilib.
    Bu sıradan ilk olaraq Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” elementi UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.
    Sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə AR Milli Komissiyası, eləcə də Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə əməkdaşlığı şəraitində təqdim edilmişdi.
    Sessiyada çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev baramaçılıq, ipəkçilik və toxuculuq sənətinin Azərbaycan mədəniyyətində qədim tarixi kökə malik olduğunu bildirib, nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistana minnətdarlığını ifadə edib.
    ***
    UNESCO Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” nominasiya faylı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
    UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya faylına dair qərar 1 dekabrda elan edilib.
    Sözügedən nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə AR Milli Komissiyasının birgə əməkdaşlığı şəraitində təqdim edilib.
    Ölkəmizin nümayəndə heyəti adından çıxış edən Elman Abdullayev pəhləvanlıq sənətinin Azərbaycan mədəniyyətinin önəmli bir hissəsi olduğunu diqqətə çatdırıb, bu sənətin qədim tarixi kökə malik olduğunu bildirib.
    Daimi nümayəndə eyni zamanda Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyəri olan bu nümunəni dəstəklədiklərinə görə təşəkkür edib.
    Daha sonra Azərbaycanda pəhləvanlıq və ənənəvi zorxana oyunları ilə bağlı sessiya iştirakçılarına qısa video-çarx nümayiş etdirilib.
    Videoçarxı UNESCO-nun rəsmi "Youtube" kanalından izləmək mümkündür:
    https://ich.unesco.org/en/live-webcast-01288?webcast_id=00106
    ***
    UNESCO Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” nominasiyası da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
    Çoxmillətli nominasiya faylı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə AR Milli Komissiyası, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə əməkdaşlığı şəraitində təqdim edilib.
    ***
    Dekabrın 1-də sessiyada, həmçinin Azərbaycan ilə Türkiyənin birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu” nominasiyası da UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlarına dair müsbət rəy alaraq təşkilatın Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
    Nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə AR Milli Komissiyası və Türkiyənin müvafiq qurumlarının birgə əməkdaşlığı şəraitində təqdim edilib.
    Ölkəmizin nümayəndə heyəti adından çıxış edən səfir Elman Abdullayev çay mədəniyyətinin Azərbaycan xalqının qonaqpərvərlik simvolunun göstəricisi, mədəniyyətimizin önəmli elementi olduğunu qeyd edərək, Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə təşəkkürünü bildirib.
    ***
    Qeyd edək ki, sessiyada ölkəmiz Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, UNESCO üzrə Milli Komissiya və Mərakeş Krallığındakı səfirliyimiz tərəfindən təmsil olunur.
    Hökumətlərarası Komitənin cari sessiyasında qəbul olunan əlamətdar qərarlarla UNESCO-da qeydə alınan qeyri-mədəni irs nümunələrimizin sayı 19-a çatıb. Onlardan 17-si Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya, 2-si isə “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilib. Bu elementlərdən 11-i ölkəmiz tərəfindən milli nominasiya olaraq, 8-i Azərbaycanın da iştirakı ilə çoxmillətli nominasiya olaraq hazırlanaraq təqdim edilib.
    UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Mərakeşdə keçirilən 17-ci sessiyasında əldə olunan bu nailiyyət Azərbaycanın qədim və zənin mədəni irsinin dünya miqyasında növbəti təntənəsidir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR