Gündəliyin təsdiqindən sonra komitənin sədri Tahir Mirkişili müzakirəyə çıxarılan ilk iki qanun layihəsinin bir-biri ilə bağlı olduğunu bildirib.
Komitə sədri qeyd edib ki, təklif edilən dəyişikliklər əsasən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam olaraq büdcəyə köçürülməsi, mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun qanunvericilikdə təsbiti, rüsumlarda inflyasiya səviyyəsinə uyğun indeksasiyanın aparılması istiqamətlərini özündə ehtiva edir.
Sonra “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında ətraflı məlumat vermək üçün söz maliyyə nazirinin müavini Azər Bayramova verilib. Nazir müavini təklif olunan dəyişikliklərin səbəbləri və istiqamətləri barədə məlumat verib. Bildirib ki, dəyişikliklərdə müxtəlif normativ aktlarda pərakəndə halda mövcud olan bir çox rüsumların qanunda bir sistem şəklində təsbit olunması, bəzilərində mal və məhsulların bahalaşması və digər amillərin nəzərə alınması təklif edilib. Qeyd olunub ki, əsasən aksizlərin, markaların qeydiyyatına görə rüsumların məbləğlərində müəyyən dəyişiklik nəzərdə tutulub.
Qanun layihəsinin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Aydın Hüseynov, Ziyad Səmədzadə, Məşhur Məmmədov çıxış ediblər. Deputatlar təklif olunan dəyişikliklərin büdcənin balanslaşdırılması və dövlət rüsumlarının idarəolunmasının təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Sonra komitə sədri gündəliyini ikinci məsələsini müzakirəyə təqdim edib. Bildirib ki, Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb. Bu məqsədlə bir sıra hüquqi hərəkətlərə və xidmətlərə görə yeni dövlət rüsumları müəyyən edilib.
İclasda müzakirə olunan sonuncu qanun layihəsi barədə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verib. Bildirib ki, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) həmin qanunun müddəalarının sosial sığorta və dövlət icbari şəxsi sığorta münasibətlərinə şamil edilməməsi nəzərdə tutulub.
Qanun layihəsi ilə bağlı deputatlar Rüfət Quliyev və Məzahir Əfəndiyev çıxış edərək fikirlərini səsləndiriblər.
Müzakirələrdən sonra deputatlar gündəlikdəki hər üç qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə ediblər.
İclasda deputatlar Mahir Abbaszadə, İmamverdi İsmayılov, Anar Məmmədov, İqbal Məmmədov, Ağalar Vəliyev, Maliyyə Nazirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.