Azərbaycan və Rumıniya XİN arasında siyasi məsləhətləşmələr keçirildi
Azərbaycan və Rumıniya Xarici Işlər Nazirlikləri arasında video konfrans formatında doqquzuncu siyasi məsləhətləşmələr keçirildi.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini və Rumıniya tərəfindən Xarici İşlər Nazirliyinin dövlət katibinin iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki tərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu oldu.
Görüşdə tərəflər Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlıq gündəliyindəki məsələlər, Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi və inkişafı, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Məsləhətləşmələr zamanı iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd edildi.
Görüşdə, həmçinin COVID-19 pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq iki ölkə arasında növbəti siyasi məsləhətləşmələrin hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak ilə görüş formatında keçirilməsinə dair razılığa gəlindi.