AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirilib

  • + A
  • - A
  • 21-12-2022, 03:39

    Daşkəsən rayonunda yerli sakinlərlə  növbəti görüş keçirilib

    “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi tərəfindən Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirilib. Daşkəsən rayonunun Quşçu kəndində təşkil edilən görüşdə sözügedən kəndin sakinləri ilə yanaşı, Çovdar, Çaykənd, Şadax və Bayan kəndlərinin sakinləri, həmçinin Daşkəsən şəhərindən olan vətəndaşlar iştirak ediblər.
    Görüşdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev çıxış edərək, Səhmdar Cəmiyyətin aktiv hasilat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə icra edilən çoxsaylı layihələrdən danışıb. Qeyd olunub ki, başa çatmaqda olan 2022-ci il ərzində aztəminatlı ailələr, xüsusilə şəhid ailələri və qazilər üçün sosial dəstək tədbirlərinin həyata keçirilməsi, QSC-nin törəmə cəmiyyəti “Daşkəsən Dəmir Filiz” MMC-nin balansındakı idman meydançalarının əsaslı təmirdən sonra vətəndaşların istifadəsinə verilməsi, arıçılıq təsərrüfatlarının inkişafına töhfələrin verilməsi, ucqar kəndlərdə uşaqlar üçün səyyar tibbi müayinə aksiyalarının təşkil edilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səlmixan İsgəndərov adına Quşçu qəsəbə tam orta məktəbinin yeni modul tipli binasının inşa olunaraq, 2022-2023-cü tədris ilində müəllim və şagirlərin istifadəsinə verilməsi, eləcə də digər istiqamətlərdə həyata keçirilmiş layihələr yerli icmaların hərtərəfli dəstəklənməsi sahəsində “AzerGold” QSC-nin fəaliyyətinin davamlı xarakter daşıdığını bir daha təsdiq edir.
    Daşkəsən rayonunda məşğulluq səviyyəsinin artırılması istiqamətində Səhmdar Cəmiyyət tərəfindən reallaşdırılan tədbirlərdən danışan Komitə sədri işə qəbul zamanı yerli sakinlər, xüsusilə şəhid ailələri və qazilərin müraciətlərinə üstünlük verildiyini, vakansiyalar üzrə tələblərə uyğun gəldikləri təqdirdə onların əmək fəaliyyətinə cəlb edildiklərini bildirib. İşə qəbul prosesində eyni yanaşmanın Səhmdar Cəmiyyətin uzunmüddətli podrat təşkilatları tərəfindən də tətbiq edildiyi qeyd olunub. Hazırda Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində həm QSC-nin, həm də podrat təşkilatların əməkdaşlarının əksəriyyətinin yerli sakinlər olduğu vurğulanıb. Bundan başqa, regionun sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Daşkəsən dəmir filizi yataqlarının istismarı layihəsinin icrasını uğurla davam etdirən “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən də bu gün Daşkəsən rayonunda daimi işlə təmin edilən vətəndaşların əksəriyyətinin yerli sakinlərdən təşkil edildiyi, layihənin aktiv fazasında isə iş yerlərinin sayının daha da artacağı vurğulanıb.
    QSC-nin qarşıdakı dövrlərdə strateji layihələrinin icrası ilə bağlı kadr ehtiyaclarının yerli sakinlər hesabına qarşılanması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə tərəfdaşlıq çərçivəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində dağ-mədən sənayesini əhatə edən müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün artıq ikinci ildir ki, “Təqaüd proqramı” layihəsinin icra edildiyi xatırladılıb. Həmçinin ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələrində təhsil alan tələbələr üçün “Təqaüd proqramı” müsabiqəsinin təşkil edildiyi, hər iki layihə qaliblərinin məzun olduqdan sonra müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində addımların atıldığı diqqətə çatdırılıb.
    Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib və qeydiyyata alınıb. Komitə sədri müraciətlərlə bağlı müvafiq addımların atılması, vətəndaşların qaldırdıqları məsələlərin araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini verib.
    Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr çərçivəsində bölgə əhalisi ilə ənənəvi görüş və sorğuların təşkili qarşıdan gələn 2023-cü ildə də davam etdiriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR