AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəşad Məcid: “Gördüyümüzdən daha dərin, daha sehirli... ŞUŞA”

  • + A
  • - A
  • 13-07-2022, 16:31

    Rəşad Məcid: “Gördüyümüzdən daha dərin, daha sehirli... ŞUŞA”
    Rəşad Məcid - "525-ci qəzet"in baş redaktoru;
    Azərbaycan Yazıçılar Birliyinin sədr müavini


    Şuşanı ilk dəfə görən insanları müşahidə etmək, keçirdiyi hissləri anlamağa çalışmaq çox maraqlıdır.

    İnsanın qəfil rastlaşdığı ilahi gözəlliyə reaksiyası onun daxili zənginliyinin güzgüsüdür.


    Amma Şuşa təkcə gördüyümüz məkan deyil ki…

    İllər boyu tarixiylə, yazılarla, şeirlərlə yaddaşımıza və ruhumuza işləmiş, qanımıza hopmuş müqəddəs məkandır. Gördüyümüzdən daha dərin, daha sehirli…
    On beş yaşımda Şuşanın, Cıdır düzünün sehrindən ilhamlanıb “Cıdır düzü” adlı şeir yazmışdım, bu müqəddəs məkanı mədh etmiş, “tarixin möcüzə sərgisi” adlandırmışdım...

    1992-ci ilin 8 mayı həyatımın ən ağır günü idi. Üç gün sol qolumu hiss etməmişdim onda, həyatın bitdiyini düşünmüşdüm.

    Şuşaya vurulmağımdan üzü bəri, sonra da işğal illərində Şuşa haqqında xoş söz deyən hər kəs gözümün işığına, əzizimə çevrilmişdi.


    Anarın, Toğrul Nərimanbəyovun, Polad Bülbüloğlunun, Fərhad Bədəlbəylinin Şuşa haqqında sözlərini hər fürsətdə yada salmış, hər uyğun tədbirdə xatırlatmışdım.
    İşğal illərində Cıdır düzü, İsa bulağı haqqında yazılara ironiya edən üsyankar gənc yazarlardan birinin, jurnalist heyəti tərkibində Şuşaya gedib, Cıdır düzünü görüb geri qayıdandan sonrakı etirafı yadımdadır. O, bu mövzuda ironiya etdiyi adamların hamısından üzr istəmiş, Şuşanın, Cıdır düzünün ilahi gözəlliyindən, ovsunundan heyrətə gəldiyini bildirmişdi.

    Amma iki ildi ki, Şuşa haqqında ən gözəl, dillər əzbərinə çevrilən sözlər Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevindir. Cənab Prezident Vətən Savaşımızın başlanmasından bir həftə sonra, 2020-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasıyla bağlı xalqa müraciətində ilk dəfə Şuşanı Müqəddəs Şəhərimiz adlandırdı. Sonrakı günlərdə - həm müharibə vaxtı, həm Zəfər günü, həm də Şuşaya etdiyi hər səfərində bu mövzuda ən gözəl sözləri söylədi:

    “Şuşasız bizim işimiz yarımçıq olar!"
    “Əziz Şuşa, sən azadsan!
    Əziz Şuşa, biz qayıtmışıq!
    Əziz Şuşa biz səni dirçəldəcəyik!”


    “Sözün düzü, adam heç Şuşadan getmək istəmir..."

    2021-ci il mayın 12-də Xarıbülbül festivalının açılışında cənab Prezident bu festivalın şəhidlərimizin xatirəsinə həsr olunduğunu vurğuladı, "Şuşanın azadlığını qəhrəman əsgərlərimizə borcluyuq" dedi və yenə Şuşa haqda ən təsirli sözlərindən birini söylədi: "Dünyanın çox gözəl şəhərlərində olmuşam, amma Şuşaya bənzər şəhər görməmişəm...”

    40 ildi Şuşanı ilahi məkan bilən, 30 ildən sonra Şuşada olmağın səadətini yaşayan bir insan üçün bu sözləri eşitməyin nəticəsi sevinc göz yaşlarına qərq olmaqdı.
    Həmin günün səhəri, 30 ildən sonra yenidən Şuşada olmağın səadəti içində, cənab Prezidentin sözlərinin təsirilə, 42 ilin ardından bu dəfə “Şuşa” şeirini yazdım.

    Əməkdar artist Xumar Qədimova bu şeirə əzəmətli musiqi bəstələdi...

    Min şəhər adı var dillərdə əzbər,
    Adların ən üstün adıdır Şuşa.
    Musiqi notudur cüt hecasıyla
    Dilimin şəhdidir, dadıdır Şuşa.

    Ciyərdə nəfəsdir, damarda qandır,
    Ruha qanad verən sirli məkandır,
    Biri beş edəndir, güc artırandır,
    Qoşundur, əsgərdir, ordudur Şuşa.

    Qoynuna hər gələn yüz xəyal eylər,
    Uzaqda qalanlar qeylü-qal eylər.
    Birini coşdurar, birin lal eylər,
    Tilsimdir, ovsundur, cadudur Şuşa.


    İndi növbəti Vaqif Poeziya Günlərinə yola düşərkən ötən əsrin 80-ci illərində, Şuşada Vaqifin məqbərəsi önündə keçirilən, tamaşaçısı olduğum tədbirləri, orda deyilən şeirləri, İsa bulağındakı məclisləri, indi dünyada olmayan tanınmış şairlərimizi bir daha xatırladım.

    Bugün də Şuşaya səfər edən şairlərin içərisində uzun həsrətdən sonra Şuşaya gedənlər və Şuşanı ilk dəfə görənlər var. Ən maraqlısı onların hissləridi...

    Əvvəldəki fikrimə qayıdıram: mənim aləmimdə, insanın kimliyini, necəliyini onun həm də bu müqəddəs, ilahi məkanımıza münasibəti müəyyən edir.

    Hamıya Şuşanı görmək, Şuşa sehrinə düşmək arzusuyla…

    13.07.2022


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR