DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə polis əməkdaşları profilaktik söhbətlər apararaq, onlara törətdikləri qayda pozuntularının yol hərəkəti iştirakçıları tərəfindən xoş qarşılanmadığını və sakinlərin haqlı narazılığına səbəb olduğunu çatdırıblar. Sürücülərə parklanma qaydalarını izah edən inspektorlar, bir daha qaydalara ciddi riayət etmələrini tapşırıblar.
Bundan əlavə bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində nəqliyyat vasitələrinə konstruksiya dəyişikliyi edərək idarə edən, eləcə də müvafiq sənədləri olmadan avtomobil idarə edən sürücülər də saxlanılıblar.
Həmin şəxslərlə də yol verdikləri qayda pozuntuları barədə profilaktiki söhbətlər aparılıb, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Tədbirlər zamanı ümumilikdə 34 sürücü barəsində inzibati qaydada protokol tərtib olunub və həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.