Tibbi xidmətə əlçatanlığın artırılması, bu sahədə xidmətin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, səhiyyə infrastrukturunun yenilənməsi, inkişaf etdirilməsi istiqamətində də mühüm işlər həyata keçirilir. Bu çərçivədə hazırda TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin əsas və inzibati binalarında əsaslı təmir işləri aparılır.
2023-cü ilin sentyabrından başlanmış yenidənqurma işlərinin 2024-cü ilin sonunadək tamamlanması planlaşdırılır. Təmirdən sonra Mərkəz çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisəsi olaraq fəaliyyətini davam etdirəcək.
Təmirlə yanaşı, Mərkəzin daha müasir və effektiv tibbi avadanlıqlarla təchiz olunması da nəzərdə tutulur. Həmçinin burada MRT (Maqnit-Rezonans Tomoqrafiyası), KT (Kompüter Tomoqrafiyası), Rentgen, USM, elastometriya üsulu ilə qaraciyərin müayinəsi, qalxanvari vəzin biopsiyası, LOR, urologiya, travmatologiya və angioqrafiya əməliyyatları, plazmaferez müalicə metodu ilə vətəndaşlara tam yeni tibbi xidmətlər təqdim ediləcək.
Məlumat üçün bildirək ki, Mərkəzdə indiyədək gündəlik olaraq təxminən 300-ə yaxın vətəndaşa xidmət göstərilirdisə, görülən yenidənqurma işlərindən sonra bu sayın kifayət qədər yüksələcəyi gözlənilir.
Qeyd edək ki, Nərimanov Tibb Mərkəzi 5 nömrəli Şəhər Xəstəxanasının hüquqi varisi kimi, 2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.