Xəbər verdiyimiz kimi, TƏBİB 5 min manat əmək haqqı ilə xaricdən gətirdiyi həkimlərə cəmi 6 ay ödəniş edib, sonra maaşı 1200 manata salıb. Xaricdən 5 min manat maaş vədi ilə gələn həkimlər maaşdan əlavə sığortadan gələn ödənişlər də alırlar.
https://azadmedia.az/cemiyyet/113626-tbb-in-xaricdn-gtirdiyi-hkimlrin-maa-azaldlb-dda.htmlMəlumatın nə dərəcədə doğru olmasını bilmək üçün Azadmedia.az TƏBİB-ə sorğu yolladı. TƏBİB-dən bildirildi ki, mövzu İcbari Tibbi Sığorta Dövlət Agentliyi ilə bağlıdır, ora yönləndirin.
Həftənin ilk günü İTSDA-ya göndərdiyimiz sorğuya həftə sonu cavab gəlib.
Cavabı olduğu kimi təqdim edirik, amma 5 min manat əməkhaqqı sevdası ilə ölkəyə gətirilən həkimlərin uzun müddət ölkədə qalıb işləyəcəyinə inanmırıq. Yaqin "pasiyentlərin dolandırdığı" həkimlər qalacaq...
İTSDA-dan sorğumuza cavab:
"Xarici ölkədə təhsil almış bəzi həkim-mütəxəssislər "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair Proqram" (Proqram) çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində xüsusi şərtlərlə işə qəbul olunur. Tibb müəssisələrində işə qəbul olunan həkim-mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədi ilə Monitorinq Komissiyası tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla müəyyən edilmiş qayda əsasında monitorinq həyata keçirilir. (Qayda ilə
https://its.gov.az/uploads/law/163/801242.pdf linkinə daxil olaraq ətraflı tanış olmaq mümkündür).
Hər bir həkim-mütəxəssis Proqram çərçivəsində fəaliyyətinin davam etdirilməsi üçün bu Qaydada nəzərdə tutulmuş göstəricilərə uyğun fəaliyyət göstərməlidir. Bu səbəbdən Proqram çərçivəsində fəaliyyət göstərən həkim-mütəxəssislərin peşəkar fəaliyyəti və şəxsi keyfiyyətləri Komissiya tərəfindən qiymətləndirilir. Peşəkar fəaliyyəti üzrə qiymətləndirilmə zamanı cərrahi, terapevtik, radaioloq, anestezioloq-reanimatoloq ixtisasları üzrə həkim mütəxəsssislər tərəfindən icra olunan əməliyyat, pasiyent sayları, xidmət göstərilən pasiyentlərin məmnunluq göstəriciləri və digər fəaliyyətlər monitorinq edilir. Şəxsi keyfiyyətləri üzrə isə onların sərgilədiyi davranış (öz bilikləri ilə digər əməkdaşlara bölüşməyə hazır olması, tövsiyələri ilə məsləhət verməyə hazır olması və s.), etik qaydalara riayət etməsi, tibb müəssisəsinin nüfuzunun artmasına verdiklərii töhfə və digər göstəricilər dəyərləndirilir. Nəzərdə tutulmuş göstəricilərə cavab verməyən həkim-mütəxəssislərə həvəsləndirici əlavələrin verilməsi Proqramın müvafiq bəndinə əsasən dayandırılır.
Həkim-mütəxəssis fəaliyyətinin nəticələrinə görə monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavənin ödənilməsi növbəti dövr üçün uzadılır.
Məlumat üçün bildirək ki, sözügedən həkimlərə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən aylıq vəzifə maaşı, sabit həvəsləndirici əlavə, işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə (bonus) və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər hesablanır".