24 sentyabr 2025-ci il tarixində “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən Şamaxı–Mədrəsə avtomobil yolunda cari təmir işlərinə start verilib. “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Nazim Eynallının Azadmedia-a verdiyi məlumata görə yol boyu aparılan işlər çuxurların doldurulması, asfalt örtüyünün yenilənməsi və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir. Məqsəd sürücülərin və yerli sakinlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etməkdir.
Abad və keyfiyyətli yolların bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyini qeyd edən N.Eynallı təmirin yekunlaşması ilə həm yük, həm də sərnişin daşımalarının daha rahat olacağını, vətəndaşların gündəlik həyatının bir qədər də yüngülləşəcəyini bildirib.