AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunda uzun müddətdir ki, sürtkü materiallarının alınmasında xammal kimi texniki bitki yağlarından istifadə olunurdu. Lakin son zamanlar dünya bazarında bitki yağlarının qiymətində yüksək artım tempinin müşahidə olunması bu yağların başqa xammalla əvəzlənməsi zərurəti yaratmışdır.
Bu məsələ YT Parkın baş direktoru, professor Əbülfəz Babayevin rəhbərliyi ilə keçirilən müşavirədə müzakirə olunmuş, alternativ mənbələrin tapılması istiqamətində fikir mübadiləsi aparılmışdır. Müzakirələrin nəticəsi olaraq Təcrübə-Sənaye Zavodunda yeni nəsil sürtkü materiallarının alınmasında xammal kimi alfa-olefin əsaslı oliqomerlərdən istifadə olunması məqsədəuyğun hesab edilmişdir.
Belə ki, Sumqayıtda fəaliyyət göstərən "Etilen-Polietilen" zavodunda istehsal zamanı yan məhsul kimi alınan izobutan-izobutilen fraksiyasının YT Parkda tətbiqi nəzərdə tutulub.
Bu məqsədlə texnoparkda ilk mərhələdə istehsal həcmi 10-20 litr olan pilot qurğusunun quraşdırılması və tədqiqatların aparılması planlaşdırılır. Alınmış oliqomerlər əsasında sürtkü materiallarının sınaq partiyaları əldə olunacaq. Bu nümunələrdə müsbət nəticələr alınarsa növbəti mərhələdə lazımi miqdarda alfa-olefin əsaslı oliqomerlərinin sintezinə imkan verən yarımsənaye qurğusunun layihələndirilməsinə və quraşdırılmasına başlanılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.