AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özəlləşdirmə çeklərinin yenidən TƏDAVÜLÜ: "Vətəndaşlar özəlləşdirmədə iştirak etməlidir"

  • + A
  • - A
  • 22-07-2021, 20:12


    "Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması bir instrument kimi yerli və xarici investorların cəlb edilməsinə stimul verə bilər".

    Bunu özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılmasının mümkün təsirlərini dəyərləndirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Azadmedia.az-a açıqlamasında deyib.

    Onun sözlərinə görə, özəlləşdirmə çeklərinin özəlləşdirmə prosesində iştirakına şərait yaradılması üçün bu məsələyə yenidən baxılmalıdır:

    "Özəlləşdirmə 90-cı illərin sonuna kimi həyata keçirilsə də, bu proses sona qədər aparılmadı. Bir tərəfdən özəlləşdirmə çekləri ilə bağlı məsələ var idi, digər tərəfdən isə bir çox müəssisələr, zavodlar hərraca çıxarılırdı. Məsələn, Dərnəgül tərəfdə əvvəllər zavod, fabriklər var idi. O vaxtkı armatur zavodunun yerində indi şadlıq sarayı tikilib. Problem budur ki, özəlləşdirilən müəssisələr və o cümlədən, özəlləşdirmə çekləri barədə ictimaiyyətə açıq məlumat verilmir. Mövcud şəraitdə prosesi başlatmaq lazımdır ki, vətəndaşlar hansı bölgələrdə müəssisələrin özəlləşdirməyə açıq olduğunu bilsinlər. Daha sonra insanlar pay sahibi olmalıdır. Özəlləşdirmə çekinə sahib elə insanlar var ki, hələ də bu çeklərin mahiyyətini tam başa düşməyiblər. Bu tendensiya əvvəllər də mövcud idi. Ona görə də 28 May metrosundakı qara bazarda çekin biri 40-50 şirvana satılırdı. Bir çox oliqarxlar vətəndaşların məlumatsızlığından istifadə edərək, çekləri ucuz qiymətə aldılar. Bütün hallarda siyahı yenidən bərpa olunmalı və özəlləşdirmə çekləri ilə bağlı məsələyə yenidən baxılmalıdır".

    Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılmasının müsbət təsirlərinin olacağını vurğulayan Asif İbrahimova görə, bu addım vətəndaşların hüquqlarının bərpa olunmasına şərait yaradacaq:

    "Özəlləşdirmə çekləri ilə bağlı məsələ tez-tez gündəmə gətirilir. Çünki proses tamamlanmayıb. Çeklərin yenidən tədavülə buraxılması üçün öncəliklə balansında özəlləşdirilməyən zavod və müəssisələr olan dövlət qurumlarının siyahısı tərtib olunmalıdır. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması bir instrument kimi yerli və xarici investorların cəlb edilməsinə stimul verə bilər. Məsələn, 1918-ci ildə tamamilə darmadağın edilən Almaniya 1933-cü ildə yenidən dünyanın qabaqcıl dövlətlərindən birinə çevrildi. Bu, köhnə müəssisə və fabriklərin yenidən diferfikasiya olunması ilə bağlıdır. Nəticədə Böyük Britaniya, İtaliya, Fransa, müxtəlif Avropa ölkələri, hətta Almaniyanın özündən həmin fabrik və zavodlara investisiya qoyuluşu başladı. Azərbaycanda da bu üsul tətbiq olunsa, investisiya qoyuluşuna marağı artıracaq. Eyni zamanda əhalinin sosial və iqtisadi rifahının yüksəldilməsi müşahidə olunacaq".

    Xatırladaq ki, Ötən əsrin 90-cı illərinin sonlarında mərhum prezident Heydər Əliyev ölkə vətəndaşlarına əvəzsiz özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı fərman imzalayıb. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılsa da, istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Lakin çeklərin ləğvi ilə bağlı rəsmi qərar yoxdur və buna görə də proses sadəcə dayandırılıb.
    Aysel


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR