AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müharibədə qəhrəmanlıq göstərən hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir

  • + A
  • - A
  • 19-07-2022, 09:12

    Müharibədə qəhrəmanlıq göstərən hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir
    Rövşən Əhmədov,
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ardıcıllığının nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə həllini tapır. Postmüharibə dövründə 100 min unikal fərdə 193 min xidmət göstərilib. Bunun ən böyük istiqaməti sosial ödənişlərdir. Sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub. Bu ödənişlərin məbləğləri - ötən il sosial müavinətlər 60 faiz, bu il isə təqaüdlər 60 faiz artırılıb. Bu ödənişlərin mütləq əksəriyyəti proaktiv qaydada – sənədlərin elektron qaydada toplanması ilə əlaqədar şəffaf şəkildə baş verib.
    Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Dövlətimiz bunu edir və edəcək. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.
    Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, cari ildə bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib və nəzərdə tutulan plan 1500 mənzildir. Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin bu kateqoriyadan olan insanlara təqdim edilməsi planlaşdırılır. Paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə də bu iş davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib.
    Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Bu barədə kifayət qədər məlumatlar əldə etmək mümkündür. Cənab Prezident İlham Əliyevin müşavirədə dediyi kimi Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.
    Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə Vətən müharibəsi iştirakçılarına xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başlanılan “Məşğulluq marafonu”na ötən dövrdə 654 işəgötürən qoşulub. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4585 vakansiya təqdim ediblər. Həmin vakansiyalar üzrə artıq 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2044 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.
    Nazirliyin rəsmi saytından da məlumat almaq olur ki, on bir min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Onlara 21 min reabilitasiya vasitəsi təqdim edilib. 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Daha öncəki dövrdə Qarabağ müharibəsi əlillərindən 130 nəfər də bu protezlərlə təmin edilib. Yəni, son bir il yarımda bu protezlərlə təchiz edilən hərbçilərimizin sayı 330-a çatıb. Vətən müharibəsi əlillərindən protezləşməyən cəmi iki nəfər qalıb. Onların müalicə prosesi davam etdiyinə görə hələlik texniki olaraq bu, mümkün deyil. Amma tam hazırlıq var və həmin iki nəfərin müalicəsi bitdikdən sonra protezləşmə Vətən müharibəsinin bütün qazilərini əhatə etmiş olacaq.
    Bu işlərin əlaqələndirilməsi üçün ötən ilin avqustunda cənab Prezidentin müvafiq Fərmanı ilə Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb. Artıq 48 rayon üzrə 11 regional mərkəzdə yerli icra hakimiyyəti orqanlarının və 5 mərkəzi icra hakimiyyəti orqanının 26 növ xidməti bu mərkəzdə toplanıb. Bu günədək Vahid Əlaqələndirmə mərkəzlərində 41 min şəhid ailəsinin üzvü, Vətən müharibəsi veteranı və əlilinə xidmətlər göstərilib.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi də davam edir. Son 1 həftə ərzində agentlik tərəfindən bu kateqoriyadan olan 170 şəxsə aktivlər təqdim edilib. Ümumilikdə agentlik tərəfindən cari ilin ötən dövrü ərzində 915 şəhid ailəsi, qazi və onun ailə üzvünün özünüməşğulluq proqramına cəlb olunması və onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib. Proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur. Bir sözlə, müharibədə qəhrəmanlıq göstərən hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR