Rusiyanın Suriyadan Liviyaya Miq-29 və Su-24 döyüş təyyarələri göndərməsi xəbərindən sonra Türkiyənin Aralıq dənizində F-16-ların iştirakı ilə hərbi təlimlər keçirməsi iki ölkənin bir-birinə güc nümayişi kimi qiymətləndirilir.
“Sülh qartalı” adlanan təlimlərdə 17 təyyarə və səkkiz döyüş gəmisi iştirak edir. Təlimdə E-7T adlı havada təcili xəbərdarlıq və nəzarət təyyarəsinin iştirak etməsi də diqqət çəkib.
İyunun 11-də başlanan təlimlərdə iştirak edən F-16 təyyarələri döyüş ləvazimatları ilə tam təchiz edilmiş formadadır. Bununla yanaşı, F-16-ların havadan-havaya zərbə endirmək üçün istifadə olunan raketlərlə də təzhiz edilməsi diqqətdən yayınmayıb. Bu raketlər havadan gələn təhlükələrə qarşı istifadə olunur.
Türkiyəli yazar Seyfettin Ersöz hesab edir ki, təlimdə havadan-havaya zərbə raketlərinin istifadə olunması Rusiyanın Liviyaya təyyarə göndərməsinə qarşı mesajdır.
Qeyd edək ki, Türkiyə ordusu İdlibdə “Bahar qalxanı” hərəkatı zamanı Suriya rejiminə aid rus mənşəli Su-24 və L-39 tipli döyüş təyyarələrini də havadan havaya zərbə raketləri ilə vurmuşdu. Həmin vaxt Türkiyənin F-16 döyüş təyyarəsinin pilotu düşmən radarlarına düşməmək üçün öz radarını bağlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.