AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadi elmlər üzrə Ekspert Şurasının üzvü və elmi katibi, Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev və iqtisadçı ekspert Leyli Məlikova ilə görüş keçirilib.
Əsas məqsəd beynəlxalq təcrübənin öyrənilməsi, istehsal-sənaye parklarının qlobal sənayenin inkişafında iştirakının iqtisadi əsasları, istehsal sahələrinin yenidən qurulması və innovativ texnologiyaların tətbiqinin iqtisadi təhlili və əsaslandırılması, xaricdən gətirilən xammal məhsulunun təhlili, iqtisadi qiymətləndirilməsi və onların respublikada istehsalının təşkilinin iqtisadi əsaslandırılması istiqamətlərində müzakirələrin aparılması olub.
Tədbirdə çıxış edən YT Parkın baş direktoru, professor Əbülfəz Babayev qlobal sənayenin rekonstruksiyası ilə məşğul olmaq üçün görülməli işlərdən bəhs edib. O, lokal sənaye parklarının qlobal sənaye strukturunun tərkib hissəsi olaraq fəaliyyət göstərməsinin təmin olunması üçün iqtisadi əsaslarının hazırlanması, perspektivdə onlardan istifadə olunmasının iqtisadi təhlilinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb, gələcəkdə YT Parkın sənaye imkanlarından bu istiqamətdə istifadə etmək üçün potensial imkanların olduğunu vurğulayıb: “Qlobal sənaye kompleksinin yaradılması üçün Texnoparkın lokal istehsal imkanlarını təmin edən sənaye parklarının iş strukturunun təşkili, rekonstruksiyası və onun vahid sistemin tərkib hissəsinə çevrilməsi ilə ölkə iqtisadiyyatının inkişafına imkan yaradıla bilər”.
Neftdən asılılığı azaltmaq, neft-kimya proseslərində neftin xüsusi çəkisini aşağı salmaq üçün qaz-kimya texnologiyasının inkişaf etdirilməsinin zəruriliyi məsələsinə toxunan Ə.Babayev bunun üçün böyük bir istehsal obyektinin formalaşdırılmasına və bir sıra qonşu ölkələrlə birgə konsorsiumun yaradılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Baş direktorun sözlərinə görə, Qaradağ Qaz Emalı Zavodunun yenidən qurulmasına respublikanın sənayesinin potensial imkanlarından istifadə etməklə və ölkədə fəaliyyət göstərən sənaye parkları vasitəsilə nail olmaq, eyni zamanda, istehsal olunan avadanlıqların xaricdə satışını həyata keçirmək mümkündür.
Ə.Babayev YT Parkın Qaradağ Qaz Emalı Zavodunun rekonstruksiyasını həyat keçirmək və iqtisadi cəhətdən əsaslandırmaq üçün potensiala sahib olduğunu da vurğulayıb: “Bu, eyni zamanda xaricə valyuta axınının qarşısını alacaq, iş yerlərinin açılmasına şərait yaradacaq, yeni sənaye parklarının fəaliyyət göstərməsinə imkan verəcək”.
Baş direktor, həmçinin xaricdən gətiriləcək məhsullara qoyulan tələblər, bu məhsulların yerli istehsalının təşkilinin həyata keçirilməsinə nail olunması, gətirilən məhsulları yerli xammala uyğunlaşdıraraq istehsal etmək üçün görülməli olan tədbirlərdən bəhs edib.
Sonra çıxış edən Şəfa Əliyev həyata keçirdikləri layihələrdən danışıb. Ekspert son illər ərzində 11 dövlət strategiyasından 2-sinin icra olunmasında yaxından iştirak etdiklərini və təkliflərin hazırlandığını deyib.
O, BMT-nin eksperti kimi, Azərbaycanın əksər rayonlarında, eləcə də ölkənin sosial dayanıqlı inkişafının təmin olunması üçün istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə Avropa ölkələrində araşdırmalar apardıqlarını vurğulayıb.
Ş.Əliyev neft-kimyanın istehsal əlavə dəyər zənciri üzrə layihələrin reallaşdırılmasında AMEA ilə birgə iştirakın həyata keçirilməsinin böyük səmərə verəcəyinə inamını ifadə edib.
Sonda qeyd olunan istiqamətlərdə elmi əsaslandırılmış qlobal təkliflərin hazırlanaraq AMEA rəhbərliyinə təqdim olunması qərara alınıb. Bildirilib ki, Azərbaycanda yeni texnoloji sıçrayışa keçidin təmin olunması üçün dünyada innovasiya sahəsində təcrübə araşdırılmalı, milli innovasiya sistemi haqqında əsasnamə, innovasiya fəaliyyəti haqqında qanun hazırlanmalı, ölkədə mövcud olan innovasiyaları koordinasiya etmək və mövcud vəziyyəti qiymətləndirmək üçün müəyyən müddətdən bir İnnovasiya Günləri təşkil olunmalı və AMEA institutları tərəfindən innovativ layihələr təqdim olunmalıdır.