Zərdab rayon prokurorluğundan Azadmedia.az-a daxil olan məlumata görə martın 1-də saat 10 radələrində Zərdab rayon ərazisində 1968-ci il təvəllüdlü İsrəfilova Rəhilə Şahvələd qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Məhərrəm Aslanovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəhilə İsrəfilovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Məhərrəm Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.