Hacıqabul rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə martın 31-də saat 01 radələrində Hacıqabul rayonu, Muğan qəsəbə sakini 1986-cı il təvəllüdlü Rasulova Fəxriyyə Feyruz qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qohumu 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Fəxriyyə Rasulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Elvin Axundov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.