- İyulun 26-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 59-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
- Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
İyulun 25-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində Mingəçevir şəhər sakini İ.Zeynalov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən həmin şəxs iyulun 26-da orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
İyulun 26-da saat 16 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Rəşad Süleymanlını vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
**
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də 28 May qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Rüstəmovu xuliqanlıq zəminində bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobilinin ön şüşəsini sındırmaqda və avtomobildən 5800 manat pulunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri C.Rəhmanov və qardaşı, əvvəllər məhkum olunmuş N.Rəhmanov saxlanılıblar. Araşdırma aparılır.
**
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də Abşeron rayonu ərazisində Babək rayon sakini M.Quliyevin xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan “VAZ-2107” markalı avtomobilin sürücüsü, Hökməli qəsəbə sakini N.Vəliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
**
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 16.170 manat pul və 7.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb. Araşdırma aparılır.
**
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Allahverdiyeva saxlanılıb. Araşdırma aparılır.
**
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə iyulun 24-də saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfərin çəkiclə oradakı 58.000 manat dəyərində lazer aparatını sındırmaları barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.