AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sərnişinlərin daşınmasının təşkili məqsədilə ikinci yol istifadəyə verilir

  • + A
  • - A
  • 12-07-2021, 15:39


    “Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsi başlanır. Bu mərhələ çərçivəsində stansiyanın birinci yolu və platformasında, habelə vestibülü və keçidlərində əsaslı təmir işləri aparılacaq.
    Hər şeydən əvvəl stansiyanın vəziyyəti qiymətləndirilərək, yerinə yetiriləcək işlərin həcmi və miqyası müəyyən olunub və mərhələlərə bölünüb. Əsas məsələ isə budur ki, “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət məhdudlaşdırılmayıb. Bu məqsədlə birinci mərhələdə təmir stansiyanın ikinci yolunda aparılıb. Həmin müddətdə qatarlar birinci stansiya yolundan hərəkət edib.
    Burada əsas məqsəd stansiyanın ölkədəki mürəkkəb iqtisadi dövrə təsadüf edən tikintisi zamanı yol verilmiş nöqsanların tamamilə aradan qaldırılmasıdır. Təmir və yenidənqurma tədbirlərinin ikinci mərhələsi çərçivəsində “Cəfər Cabbarlı” stansiyasının birinci yolunda da yol infrastrukturu tamamilə yeni əsaslarla inşa olunacaq. Burada da Bənövşəyi xəttin “8 Noyabr”, Yaşıl xəttin “Xətai” və “Elmlər Akademiyası” stansiyalarında olduğu kimi, yol infrastrukturunun təməli dəmir-beton bloklar üzərində qurulacaq. Bu məqsədlə köhnə yol infrastrukturu söküləcək, yol yatağı dağıdılacaq və texnoloji proseslərin ardıcıllığına uyğun olaraq yenisi quraşdırılacaq.
    “Cəfər Cabbarlı” stansiyasında birinci yolun divarı və platformaaltı sahə əsaslı təmir olunacaq, kabel kollektoru müasir infrastrukturun tələblərinə uyğunlaşdırılacaq. Həmçinin stansiya yolunda, platformada və pilonlarda gücləndirmə işi aparılacaq. Burada işlər döşəmə və divarların üzlənməsi ilə tamamlanacaq.
    Stansiyanın keçidləri, vestibül səviyyəsində eskalatorların maili gedişi, giriş və çıxış sahələrinin tavan, döşəmə divarları, həmçinin xidməti otaqları əsaslı təmir olunacaq. Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik sistemləri və elektromexaniki avadanlıqları müasir standartların tələbləri səviyyəsində yenilənəcək.
    Qeyd edək ki, stansiyada aparılan yenidənqurma işlərinin birinci mərhələsi stansiyanın bir yolu ilə yanaşı müvafiq tunellərdə də aparılır. İkinci mərhələ çərçivəsində aparılacaq təmir prosesində “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkəti dayandırılmayacaq. Qatarlar təmir işlərinin əsas hissəsi başa çatmış ikinci yol ilə “Xətai” stansiyasına hərəkət edəcək.
    Stansiyanın ikinci yolunda aparılan təmir və yenidənqurma prosesində hərəkətin təşkili ilə bağlı əsas işlər tamamlanıb. Burada yol infrastrukturu tamamilə yenilənib, həmçinin müvafiq gücləndirmə tədbirləri yekunlaşdırılıb. Döşəmə və divarlarda üzləmə işləri aparılıb.
    “Cəfər Cabbarlı-Xətai” mənzilində də tunellərin və şaxtaların təmir-bərpa işləri davam etdiriləcək. Əvvəlki mərhələdə olduğu kimi bu dəfə də birinci yol və ona bitişik tunellərdə təmir müntəzəm qaydada təşkil ediləcək. Digər sahələrdə təmir yalnız gecə növbələrində yerinə yetiriləcək.
    Ağır hidrogeoloji şəraitə malik “Cəfər Cabbarlı-Xətai” mənzilində, hərəkətin məkik qaydada təşkili də infrastruktura və tunellərin vəziyyətinə mənfi təsir göstərir. Hazırda tunellərin sağlamlaşdırılması çərçivəsində gücləndirmə, korroziyadan təmizlənmə işi aparılır, axıntılar ləğv edilir, tübinqlərin yararsız boltları dəyişdirilir, korroziya əleyhinə boyaq maddəsi vurulur. Tunellərdə müvafiq gücləndirilmə ilə yanaşı, havalandırma sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir, yeni imkanlar yaradılır. Bu isə gələcəkdə tunellərin və buradakı avadanlıqların istismar ömrünün uzadılmasına əsaslı təsir göstərəcək.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR