Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Bu layihələr çərçivəsində Füzuli rayonunun Qayıdış məcburi köçkün qəsəbəsində yeni subartezian quyusu istifadəyə verilib.
1,2,3,4 və 5-ci Qayıdış qəsəbələrini içməli su təminatı indiyə qədər Füzulu rayonunun Böyük Bəhmənli kəndindəki subartezian quyusundan aparılırdı. Quyu zonasından qəsəbələrə çəkilmiş 273 mm diametrli magistral su kəməri uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü. Buna görə də köçkün qəsəbələrinin su təminatında fasilələr yaranır, eyni zamanda ciddi su itkiləri yaşanırdı.
Qəsəbələrin içməli su təchizatında dayanıqlığı təmin etmək məqsədilə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb və daha yaxın ərazidə yeni subartezian quyusunun qazılması qərara alınıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına qısa müddətdə quyunun qazıntısı başa çatdırlıb, onun elektrik enerjisi ilə təminatı həyata keçirilib. Yeni quyunun məhsuldarlığı və buradan əldə olunan suyun keyfiyyəti 1,2,3,4 və 5-ci Qayıdış qəsəbələrində 967 abonenti dayanıqlı içməli su ilə təmin etməyə imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.