AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının iştirakçıları Şuşa şəhərinə səfər ediblər

  • + A
  • - A
  • 2-07-2022, 21:21

    Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin  Bakı Konfransının iştirakçıları Şuşa şəhərinə səfər ediblər

    Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri iyulun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Qonaqları Milli Məclisin spikeri, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.
    Şuşa şəhərinə səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara burada Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş Qarabağın “Hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının texniki imkanları barədə məlumat verilib.
    Sonra qonaqlar Füzulidən Şuşaya yola düşüblər. Yol boyu onlar Ermənistanın işğalı dövründə dağıdılmış və viran qoyulmuş kəndləri, yaşayış evlərini öz gözləri ilə görüblər. Qonaqlara işğal dövründə Azərbaycanın şəhər və qəsəbələrinin, məktəblərin, mədəniyyət evlərinin və abidələrinin, kitabxanaların işğalçı qüvvələr tərəfindən necə viran edildiyi, xaraba qaldığı barədə məlumat verilib.
    Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının iştirakçıları Şuşaya səfər zamanı yol boyu işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və abadlıq işlərinin şahidi olublar.
    Şuşada parlament nümayəndə heyətlərinə şəhərin Qala divarları, tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq və abadlıq işləri barədə danışıb. Bildirilib ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni binalar barədə ətraflı məlumat verilib.
    Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını seyr ediblər, Şəhər Meydanı ətrafında yerləşən Prezidentin Xüsusi Nümayəndəliyinin binasında aparılan bərpa işləri ilə tanış olublar. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.
    Şuşa şəhərində gəzinti zamanı qonaqlara ermənilərin tarixi və mədəniyyət abidələrimizə vurduqları ziyan barədə də məlumat verilib.
    Sonra parlament nümayəndələri Cıdır Düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır Düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır Düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.
    Şuşa şəhərinə səfərdə Özbəkistan, Qırğızıstan, Malayziya, Liviya, Benin, Bəhreyn, Car, Cibuti, Ekvador, Kamboca, Qambiya, Mozambik, Namibiya, Nepal, Uqanda, Venesuela, Yəmən, Suriya parlament nümayəndə heyətlərinin rəhbərləri, onları müşayiət edən şəxslər, habelə İslam Əməkdaşlıq Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR