İyunun 30-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
Milli Məclisin sədri qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirib. Azərbaycan Parlamentinin spikeri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransına qatıldığına görə qonağa minnətdarlığını ifadə edib.
Milli Məclisin sədri bildirib ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılıb və bu gün Bakıda onun Konfransı keçirilir. O, Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını xüsusi vurğulayıb. Qeyd edib ki, Prezident öz nitqində dünyada bugünkü vəziyyət barədə fikirlərini bölüşüb və Qoşulmama Hərəkatının qlobal səviyyədə gedən proseslərdə əhəmiyyətini qeyd edib. Cənab Prezidentin bir sıra aktual məsələlərlə bağlı toplantıda səsləndirdiyi fikirlər Qoşulmama Hərəkatının fəaliyyət istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.
Spiker Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayaraq, təşkilatın Parlament Şəbəkəsinin də fəaliyyətinin uğurlu olacağına əminliyini bildirib.
Milli Məclisin sədri dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin xüsusi rolundan danışıb, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd edib. O, hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının bu sahədə əməkdaşlığın inkişafında səylərini yüksək qiymətləndirib.
Görüşdə Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəsindən danışıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işlərindən bəhs edib. O, tezliklə iki ölkə arasında sülh sazişinin imzalanacağına inamını ifadə edib.
Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransına onu dəvət etdiyinə görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib. Konfransın yüksək səviyyədə təşkil olunduğunu deyən qonaq, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini qeyd edib. O, bu tədbirin dünyada sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəyinə əminliyini bildirib.
Abdel Vahab Abdel Razeq Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə və ölkəmizin təşəbbüsü ilə bu qurumun Parlament Şəbəkəsinin yaradılmasına görə təbriklərini çatdırıb. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Konfransında çıxışını yüksək qiymətləndirib, toxunduğu məsələlərin əhəmiyyətini qeyd edib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının işinə müvəffəqiyyətlər arzulayıb.
Qonaq parlamentlərarası münasibətlərin rolundan danışaraq, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını bildirib.
Misir parlamentinin spikeri Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyinə görə bir daha öz məmnunluğunu ifadə edərək, hazırda bu torpaqlarda gedən quruculuq işlərini təqdir edib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.