- İyulun 13-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 56-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 27-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
- Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
**
İyulun 13-də saat 19 radələrində Qazax şəhəri ərazisində Çaylı kənd sakini İlham Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yük avtomobilinə vurub və sonradan “VAZ-2107” markalı digər avtomobilə dəyib. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən İ.Sadıqov ölüb.
Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.
**
Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyulun 13-də 2 nəfərin şəhər sakini R.Quliyevi döyüb içərisində pulu olan cüzdanını və mobil telefonunu talamaları barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuş H.Hüseynov və M.Nəcəfov müəyyən edilərək saxlanılıblar.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
**
Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə iyulun 9-da H.Z.Tağıyev qəsəbə sakini M.Qarayevin içərisində 310 manatı və bank kartları olan pulqabısının oğurlanması, sonradan isə hesabından 598 manatının çıxarılması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Q.Dadaşov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
**
Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.