2021-ci ildə Azərbaycana 167 ölkədən 791,8 min turist gəlib. Ötən il turistlərin sayı əvvəlki illə müqayisədə cüzi olsa da (0.5 %) azalıb.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycana ən çox turist ötən ilin sonuncu ayında gəlib: "Belə ki, turistlərin 12.3 faizi dekabr ayında ölkəmizə səfər edib. Ən az turist sayı isə yanvar və fevral aylarında müşahidə edilib. Sərt karantin tədbirləri səbəbindən həmin aylar Azərbaycana gələn turistlərin sayı ümumi gələnlərin 5 faizindən az olub. Azərbaycana gələnlər arasında Rusiya yenə də öndədir. Gələnlərin 32.6 faizi şimal qonşumuzun payına düşüb. Türkiyədən gələnlər 25.0, iranlı turistlər isə 15.8 faiz təşkil edib. 2021-ci ildə Gürcüstandan Azərbaycana gələnlərin sayı kəskin azalıb. Belə ki, ümumi turistlərin cəmi 7.9 faizi bu qonşumuzun payına düşüb. Bu isə əvvəlki il ilə müqayisədə 66.0 faiz azalma deməkdir. Azalmanın əsas səbəbi pandemiya səbəbindən quru sərhdələrin bağlı qalması ilə əlaqədardır. Səudiyyə Ərəbistanlı turistlərin sayında da 26 faiz azalma qeydə alınıb. Əksinə, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə artıb".
Deputat bildirib ki, 2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olub:
"Yenə də xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ölkəmizə gələnlərin sayından çox olub. Belə ki, ötən il 974,5 min nəfər Azərbaycan vətəndaşı xaricə səfər edib. Bu o deməkdir ki, xaricə gedənlərin sayı ölkəyə gələn turistlərin sayından 182 min nəfər çox olub. Ötən il İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 80,6 faiz azalıb, Türkiyəyə gedənlərin sayı isə 2,4 dəfə artıb. 2021-ci ilin yekunları göstərir ki, pandemiya ötən il də turizm sektorunun inkişafına maneə olub. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu baxımdan, ölkəyə turistlərin gəlişi ilə bağlı qaydaların mərhələli şəkildə daha da yumşaldılması məqsədəuyğun olardı. Bu ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərər. Bununla belə, 2021-ci ilin son aylarında ölkəyə gələn turistlərin sayının artması bu il Azərbaycana daha çox turistin gələcəyinə inam yaradır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.